ƏƏSMN-də onlayn əlaqə xidməti istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verildi.

ƏƏSMN-də onlayn əlaqə xidməti istifadəyə verildi
https://peyk.az

Məqsəd vətəndaşlarla ünsiyyət və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, vətəndaş müraciətlərinin, sorğularının real vaxt rejimində də operatv cavablandırılması mexanizminin tətbiqidir.

Peyk.az daxil olan məlumata görə, bu xidmət vasitəsilə vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün məsələlər üzrə (sosial müdafiə, əlilliyin müəyyən edilməsi və reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlər və s.) suallarını yaza bilərlər.

Nazirliyin rəsmi internet səhifəsinə daxil olan şəxs səhifədə onlayn əlaqə (canlı çat) xidməti işarəsinə toxunduqdan sonra açılan lövhədə öz sualını (və ya suallarını) qeyd edir. Bu suallar 142-Çağrı mərkəzinin operatorları tərəfindən avtomatik qeydə alınır və cavablandırılır.

Cavablandırma xidmətinin sonunda vətəndaş onlayn əlaqə vasitəsilə göstərilən bu xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün təklif olunan sorğuda da iştirak edə bilər.

Onlayn əlaqə xidməti həftənin I-V günləri saat 09.00-dan saat 18.00-dək, şənbə günləri isə saat 10.00-dan saat 13.00-dək canlı rejimdə fəaliyyət göstərəcək.