31 deputat yeni Milli Məclisdə OLMAYACAQ, Qarabağ isə... - ŞOK PROQNOZLAR/VİDEO

2020-ci ilin gəlişinə artıq sayılı günlər qalıb. Çin qoroskopuna əsasən qarşıdan gələn il Siçan ilidir.Qeyd edək ki, geridə qoyacağımız Donuz ilində siyasi aləmdə çox mühüm dəyişikliklər, islahatlar oldu, bir neçə mühüm vəzifəli şəxslər vəzifəsindən azad olundu, gözlənilməyən gənc kadrlar rəhbərliyə gətirildi.

31 deputat yeni Milli Məclisdə OLMAYACAQ, Qarabağ isə... - ŞOK PROQNOZLAR/VİDEO
https://www.peyk.az

Bəs astroloqların ötən ilki proqnozlarından hansı düz çıxdı? Yeni ildə siyasi aləmdə daha hansı yeniliklər ola bilər? Siçan ili Azərbaycan və dünya üçün düşərli olacaqmı?

Mövzu ilə bağlı astroloq Səbuhi Rəhimli “Yeni Müsavat”a danışıb: “Öncə onu qeyd edim ki, Çin qoroskopuna əsasən, 2020-ci il Siçan ili, Zərdüşt təqviminə görə isə Fil ili olacaq. Zərdüşt təqviminə əsasən, bir neçə gün sonra geridə qoyacağımız il Kirpi ilidir və onun da öz xüsusiyyətləri var. Siyasi proqnozları əsasən Zərdüşt təqvimi ilə proqnozlaşdırıram. Çin qoroskopu demək olar ki, çox zəifdir. Zərdüşt təqvimi sırf elmidir və mükəmməldir. İslamda Ay təqvimi var, ona Hicri-Qəmər də deyirlər. Çinlilər öz qoroskoplarını Yupiterə əsaslanıb yaradıblar. Yupiter fırlanıb 12 ildən sonra gəlib yenidən öz yerində dayanır. Ona görə də çinlilər təqvimi 12 ilə bölüblər. Zərdüştlülər isə təqvimi Saturna görə bölüblər. Bu təqvim çoxşaxəlidir. Bununla bağlı mənim kitabım da var.

Səbuhi Rəhimli: “Müxalifət parlamentdə... ”

Deyərdim ki, Zərdüşt təqvimi ilk dəfə olaraq Azərbaycanda yaranıb. İlk illərdə astroloji proqnozları Zərdüştlük təqvimi ilə vermək istəyirdim, lakin müşahidə etdim ki, insanlarımız daha çox Çin astrologiyasına öyrəşiblər.

Beləliklə, siyasi proqnozları Zərdüşt təqvimi ilə verirəm və buna görə də proqnozlarımın heç bir, səhv olmayıb.

Hər il 25 ictimai siyasi proqnoz verirəm. Hətta prqonozlarımı mətbuata verəndə politoloqlar ilk anda bunu inkar edirlər, bildirirlər ki, “bu proqnozlar ola bilməz” və sairə. Amma xatırlayıram ki, keçən il bu vaxt “Yeni Müsavat”a açıqlamamda siyasi proqnozlarımın böyük əksəriyyətini demişdim. Məsələn, çox populyar 6 böyük vəzifəli şəxsin işdən azad olunacağını bildirmişdim. Həmçinin həmin vaxt Rusiya-Ukrayna, NATO-Rusiya qarşıdurmaları var idi, bildirmişdim ki, yeni ildə bunlar olmayacaq. Həmçinin İrana hücumu təkzib etmişdim. Fətullah Gülənin Türkiyəyə verilməyəcəyini də demişdim. Beləliklə, ötən il verdiyim 25 proqnozun 15-i dünya, 10-u isə Azərbaycan üçün idi".

Səbuhi Rəhimli 25 proqnozdan 23-nün dəqiq çıxdığını deyib: “Yerdə qalan ikisini isə dəqiqləşdirirəm. Onlardan biri dünyadakı mafiyalar, oliqarxlarla siyasi qarşıdurmalardır ki, onu dəqiq araşdırmaq üçün hələ ki tam informasiyalar olmalıdır.

Yəni siyasi proqnozlar verəndə deməmişəm ki, “yayda isti olacaq, qışda soyuq”. İnsanların qəbul edə bilməyəcəyi, “ola bilməz” dedikləri proqnozları demişəm".

Səbuhi Rəhimli Siçan ilində Azərbaycanı və dünyanı gözləyən hadisələri bu cür proqnozlaşdırıb:

“Ötən il Qaban ili idi. Həmin il əsasən sülh ili kimi hesab olunur və gördüyünüz kimi, böyük qlobal hadisələr, münaqişələr baş vermədi.

Lakin Siçan ili üçün bunu deyə bilməyəcəyik. Siçan ili sərt, qarışıq ildir və tarixi xronologiyaya nəzər salanda görürük ki, bir çox münaqişələr həmin ildə baş verib. Məsələn, Azərbaycanın ikiyə parçalanmasının tamamlandığı “Türkmənçay" müqaviləsi, ondan 12 il sonra I Nikolayın İrəvan və Naxçıvanın ermənlərə verilməsi haqda qərarı. Hərbi müharibələr, vətəndaş müharibələrinin də böyük əksəriyyəti Siçan ilində baş verib. Az qala Afrikanın yarısı, Qərbi Avropa ölkələri vətəndaş müharibəsindən əziyyət çəkib. Həmçinin diktator rejimlərinin aşması, sui-qəsd, hərbi təyyarələrin qəzası da Siçan ilinə təsadüf edir. Amma terror və zəlzələlər bu ildə minimum həddə enib.

Ölkəmizdə Siçan ilində baş verən sevindirici hadisələrdən isə onu deyə bilərəm ki, Opera və Balet Teatrı, Gənc Tamaşaçılar Teatrının tikilməsi bu ilə təsadüf edib. Həmçinin Azərbaycanın ilk mobil operatoru olan “Azercell” də bu ildə istifadəyə verilib, Daşkəsən, Mingəçevir kimi şəhərlərin əsası qoyulub.

Siçan daxilimizdə gizlənən potensialımızın üzə çıxmasına xidmət edəcək. Bu il həm də yeni liderlərin yetişməsi, siyasi vəhdətlərin yaranması, yerində olmayanların yerinin laxladığı dövrdür.

Bürclər haqqında deyə bilərəm ki, hər halda, oyun qaydaları var, nə etmək olar, nə yox. Məsələn, kollektiv görülən işi tək, başına görmək olmaz, ümidsizliyə qapılmaqdan qaçmaq, daxildəki potensialı üzə çıxartmaq lazımdır".

Səbuhi Rəhimli siyasi, iqtidar-müxalifətlə bağlı proqnozlarını da qeyd edib:

“Bu il müxalifət çox sərt danışdı və prezident də onlar barəsində sərt danışırsa, deməli, bunlar bütün körpüləri yandırıblar. 2020-ci ildə iqtidar-müxalifət dialoqunun yumşaq olacağına inanmıram.

Parlament seçkiləri məsələsinə gəldikdə isə, deyə bilərəm ki, Milli Məclis minimum 40 faizə qədər yenilənəcək. Məsələn, hesablamalarıma əsasən, köhnə deputatların 31 nəfərinin üzərindən xətt çəkmişəm".

Səbuhi Rəhimli bu il ölkədə devalvasiya olmayacağını deyib: “Devalvasiya ilin birinci yarısında olmayacaq. İlin ikinci yarısı üçün isə hələlik bu haqda proqnoz deyə bilmərəm. Ötən il də bu sözü demişdim, halbuki hər yerdə deyirdilər ki, yanvar gələn kimi devalvasiya olacaq, amma gördüyünüz kimi, bu baş vermədi. Beləliklə, ən azı may ayına qədər devalvasiya olmayacaq”.

Astroloq Qarabağ məsələsinə də toxunub:

“Qarabağın ümidi astroloqlara qalırsa, bu, ağrıdıcıdır. Biz ancaq şanslı vaxtı deyə bilərik. Keçən il bu haqda bildirdim ki, fevral, may və avqust ayları hücum üçün uğurlu aylardır. Fevralda Xocalıda bağça tikdilər. May ayında Paşinyan Şuşanın alınması məsələsinə görə "nöqtə" məsələsini dedi, avqust ayında isə Ağdamda hərbi əməliyyatlar keçirildi. Yəni bu 3 məsələ bizə hərbi əsas verə bilərdi ki, hücum olunsun. Gələn il üçün isə heç bir hərbi əməliyyat proqnozu yoxdur”.

Səbuhi Rəhimli qeyd etdi ki, Siçan ili dünya dövlətləri üçün qarışıq il olacaq:

“İki il idi ki, dünya dincəlirdi. Lakin Siçan ilində belə olmayacaq. Amma ümumilikdə bərəkətli il olacaq. Bütün qoroskoplar bunu deyir. Bildiyiniz kimi, bu il payız meyvələri bol, yaz meyvələri az oldu. Amma bu il bütün mövsüm meyvələri bol olacaq. Kəndlinin məhsulunu Bakıya gətirib satması üçün əlverişli şərait yaradılacaq”.