“52 rəqəmini dilə gətirənlər 290 rəqəmini də xatırlamalıdır” - Ruhanidən Trampa gözdağı...

İran prezidenti Həsən Ruhani “Twitter”də yazır: “52 rəqəmini dilə gətirənlər 290 rəqəmini də xatırlamalıdır”.

“52 rəqəmini dilə gətirənlər 290 rəqəmini də xatırlamalıdır” - Ruhanidən Trampa gözdağı...
https://peyk.az

Bu cümlənin açması nədir? 52 rəqəmi ilə bağlı hər şey aydındır. Donald Tramp atdığı twitterlərin birində vurğulamışdı ki, Amerika İranın 52 şəhərini hədəfə alıb. Bəs İran prezidentinin qeyd etdiyi 290 rəqəmi nəyə işarədir?

Bu, son dərəcə faciəli bir olayla bağlıdır. Hadisə isə belə baş verib: 1988-ci ildə Tehrandan Bəndər Abbas üzərindən Dubaya uçan “Airbus A300” sərnişin təyyarəsində 290 nəfər vardı. ABŞ-ın Fars körfəzində olan ”Vinecennes” hərbi gəmisindən açılan raket atəşi nəticəsində təyyarə havada çilik-çilik oldu. Uçuşda yer alan 290 nəfərin hamısı, o cümlədən 66 uşaq öldü. Təyyarə İranın su sərhədləri daxilində olarkən hədəfə alınmışdı.

Hadisə baş verən zaman “Vincennes” hərbi gəmisi İranın məhəlli sularında üzürmüş. Gəminin oraya daxil olmasına səbəb isə bir helikopterlə bağlıdır. Belə ki, İranın su sərhədlərinin içərilərində uçan ABŞ-a məxsus helikopterə İran hərbi katerindən xəbərdarlıq xarakterli atəş açılmışdı.

Bu məsələ ilə bağlı ABŞ və İran rəsmiləri arasında ciddi müzakirələr getmişdi. Amerika tərəfi bildirmişdi ki, İran təyyarəsi səhvən vurulub. Amerikalılar yanlış olaraq “Airbus A300” təyyarəsin Amerika istehsalı olan “F-14 Tomcat” qırıcı təyyarəsi kimi qəbul ediblər. O vaxt “F-14 Tomcat” qırıcıları İranın hərbi arsenalında yer almışdı. Düzdür, o vaxt ABŞ İrana silah satışını birdəfəlik durdurmuşdu . Amma şah dönəmində-1970-cı illərdə alınmış Amerika qırıcıları hələ də İranda var idi.

O vaxt ABŞ prezidenti olan Ronald Reyqan İran hökumətinə göndərdiyi rəsmi diplomatik notada baş vermiş hadisəyə görə təəssüf hiss keçirdiyini bildirmişdi.

1996-ci ildə ABŞ və İran hökumətləri Niderlandın Haaqa şəhərində yerləşən və Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı kimi tanınan Beynəlxalq Ədalət Məhkəməsində əldə olunmuş anlaşmaya görə, ABŞ 1988-ci ildə baş vermiş hadisəni dəhşətli insan faciəsi kimi tanıdı. Ancaq Amerika İrandan rəsmən üzr istəmədi. Amerika İrana 61.8 milyon dollar ödədi. Hər bir ölmüş sərnişinin ailəsinə 213 min 103 dollar 45 sent kompensasiya verildi.

Bu hadisə dünya aviasiya tarixində ən faciəli hadisələrdən biri kimi düşüb.