Bütün iddialara gələn həftə son qoyulacaq - Tramp məhkəməyə gedir

ABŞ prezidenti Donald Trampın Senatdakı impiçmenti gələn həftə başlayacaq.

Bütün iddialara gələn həftə son qoyulacaq - Tramp məhkəməyə gedir
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu “Foks Nyus” kanalına açıqlama verən senator Lindsi Qraham deyib.

Senator Nümayəndələr Palatasındakı proseslərin başa çatmasından sonra impiçmentin iki maddəsinin hələ də Senata göndərilməməsini tənqid edib.

Bu durumu Nümayəndələr Palatasının demokrat sədri Nensi Pelosinin oyunu adlandıran Qraham impiçenti Senata göndərməyərək onun oradakı demokratçıları itirdiyini bildirib: “Lakin Mitç Makkonnel bu prosesi yaxşı apardı. Gələn həftə impiçment sistemi ilə məhkəmə prosesinə başlayacağıq”.

Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların lideri, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə Ağ Ev rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib. Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar Ağ Ev rəhbərinin impiçmentini tələb edib.

Dünya miqyasında hazırda iranlı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi Trampın daxili siyasətindəki uğursuzluğu və impiçmenti gündəmdən salmaq və ört-basdır etmək cəhdi kimi dəyərləndirilir.

Zümrüd