Hindistanda iğtişaşlar səbəbindən iki böyük universitet müvəqqəti bağlanıb

Hindistan hakimiyyəti vətəndaşlıq barədə qanunun yeni versiyası qəbul edildikdən sonra polislə toqquşmalarla müşayiət olunan kütləvi iğtişaşlarda iştirak edən tələbələrin təhsil aldığı universitetlərin yanvarın 5-nə qədər bağlanması barədə qərar qəbul edib.

Hindistanda iğtişaşlar səbəbindən iki böyük universitet müvəqqəti bağlanıb
https://peyk.az

Peyk.az PTI agentliyinə istinadla xəbər verir ki, iki böyük ali təhsil müəssisəsində - Uttar-Pradeş ştatının şimalında yerləşən Aliqarh Müsəlman Universitetində və Nyu-Dehli şəhərindəki Camiya Milliya İslamiya Universitetində imtahan sessiyaları təxirə salınacaq, tələbələr isə evlərinə buraxılacaq.

Bu arada, Aliqarh Müsəlman Universiteti administrasiyası tələbələrinin zorakılıq və vandalizmdə iştirakı üçün məsuliyyət daşımadığını bildirib.

Son məlumata görə, ölkənin paytaxtı Nyu-Dehlidə dekabrın 16-a keçən gecə baş verən iğtişaşlarda polis əməkdaşları da daxil olmaqla, 60-a yaxın insan xəsarət alıb, 100-ə yaxın tələbə saxlanılıb. Bir sıra ştatlarda internetə giriş məhdudlaşdırılıb.

Qeyd edək ki, ötən həftənin sonlarında vətəndaşlıq barədə qanuna edilən düzəlişlərə əsasən, yaşadığı ölkələrdə təqiblərə məruz qalan Cənubi Asiya ölkələrinin qeyri-müsəlman vətəndaşları asan yolla Hindistan vətəndaşlığı ala bilər. Bu, düzəlişlərin dini zəmində insanların hüququnu pozduğunu düşünən hindistanlı müsəlmanların etirazına səbəb olub.