Şenol Günəş: Biz Bakını istəyirdik

Rəqiblərimizdən daha çox qrup oyunlarını hansı şəhərdə keçirəcəyimizi, səyahətləri müzakirə etmişdik. Biz Bakını istəyirdik. Uzun bir səyahət olsa da, Azərbaycanda doğma meydanımızdakı kimi oynayacağımızı düşünürük.

Şenol Günəş: Biz Bakını istəyirdik
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Avropa çempionatının final mərhələsinin püşkatmasının nəticələri barədə danışarkən deyib.

Qeyd edək ki, noyabrın 30-da Buxarestdə keçirilən püşkatmanın nəticələrinə əsasən, Bakının Roma ilə birlikdə oyunlarına ev sahibliyi edəcəyi A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə yığmaları yer alıblar.

Azərbaycan paytaxtında – Bakı Olimpiya Stadionunda A qrupunun üç, dörddəbir final mərhələsinin bir qarşılaşması təşkil olunacaq. Qardaş ölkənin yığma komandası Bakıda iki oyun keçirəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda iyunun 13-də Uels və İsveçrə yığmaları qarşılaşacaqlar. Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə görüşəcək.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.